Dayaq “Altheymer, demensiya və koqnitiv pozğunluqlar zamanı rast gəlinən problemlər və onların tibbi-sosial həlli yolları” mövzusunda Həmkarlararası səmimi müzakirə keçirilib
“Altheymer, demensiya və koqnitiv pozğunluqlar zamanı rast gəlinən problemlər və onların tibbi-sosial həlli yolları” mövzusunda Həmkarlararası səmimi müzakirə keçirilib
23 sentyabr 2022-ci il tarixində Dayaq Patronaj Xidmətinin təşkilatçılığı ilə “Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü” nə həsr edilmiş “Altheymer, demensiya və koqnitiv pozğunluqlar zamanı rast gəlinən problemlər və onların tibbi-sosial həlli yolları” mövzusunda həmkarlararası səmimi müzakirə həyata keçirilib.
Dayaq Patronaj Xidmətinin təsisçisi Nərmin Mahmud tədbir iştirakçılarını salamlayaraq, təşkilatın yaradılma məqsədləri və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Təşkilatın həmtəsisçisi Zəhra Vəzirova da çıxış edərək altsheymer xəstəliyinə müasir və multidisiplinar yanaşmanın mühüm əhəmiyyət kəsb etdiyi barədə öz fikirlərini bölüşüb və tədbir iştirakçılarını müzakirələrdə aktiv olmağa dəvət edib.
Yüksəkixtisaslı mütəxəssislər tərəfindən proqrama uyğun olaraq mövzu ilə əlaqəli müxtəlif məruzələrin təqdim edildiyi tədbir səmimi müzakirə formatında həyata keçirilib. Müzakirələrin sonunda altsheymer xəstələrinə beynəlxalq standartlara uyğun xidmətlərin yaradılması və təşkili məqsədilə aidiyyatı ixtisaslı mütəxəssislərdən ibarət təşəbbüs qrupunun yaradılmasının zəruriliyi barədə ortaq nəticə əldə edilib.
Tədbirdə dəvətli qonaq qismində iştirak edən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva da çıxış edərək tədbirin təşkilinin mühüm əhəmiyyət daşıdığını söyləyib və Dayaq Patronaj Xidmətinə fəaliyyətində uğurlar arzu edib.
Tədbir zamanı Dayaq Patronaj Xidmətinin fəaliyyətini əks etdirən video-rolik nümayiş olunub və sonda tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.